Ruzigar
Elə üzmüş ahu-zarım məni ruzigar içində
Ki, görən bu ahu-zarı qalır ahu-zar içində.
Bülbüləm, nədir günahım, ölürəm qəfəsdə tənha,
Niyə yer yoxdu, İlahi, mənə laləzar içində?
Neyləsin, getməsin indi gözümün nuri, İlahi,
Nə qədər göz yola baxsın, qalıb intizar içində.
Kimə ərzi-hali etdim, yenə bisəmər göründü,
Puç olub getdi həyatım bu giley-güzar içində.
Tanrının qəm bazarında elə bir tərəziyəm ki,
Verilib qəm yükü çəkmək mənə bu bazar içində.
Ya mənə çarə qıl, Allah, ya da birdəfəlik öldür,
Necə dözsün axı bir can neçə cür azar içində?
Qədrini, ey Baba, millət o zaman dərk edəcək ki,
Olacaq vücudi-canın o zaman məzar içində.
İlk rəy yazan siz olun