“Ona adət-ənənələrin qurbanı gözü ilə baxırlar”
Bu il 11-15 noyabr tarixlərində Mədəniyyət Nazirliyi tərəfindən IX Bakı Beynəlxalq Kitab Sərgisi növbəti dəfə keçirildi. Sərgidə dünya miqyasında tanınan böyük yazıçılar da iştirak edirdilər. Onlardan biri də sərginin fəxri qonağı, omanlı yazıçı, “The Man Booker İnternational Prize” mükafatı laureatı Coxa əl-Harsi idi.
Coxa əl-Harsi 1978-ci ildə anadan olub. Omanda və Böyük Britaniyada təhsil alıb. Hazırda Omanın Sultan Qabus Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasında dosentdir. “Ayın qızları” romanı 2019-cu ildə “The Man Booker İnternational Prize” mükafatına layiq görülüb. “Ayın qızları” böyük ailə dramıdır. Romanda Omanın Əvafi şəhərində yaşayan üç bacının həyatından söhbət açılır. Maya sevmədiyi oğlanla, Əsma isə, sadəcə, öhdəlik xatirinə evlənir, Xaulə isə bütün təkliflərə rədd cavabı verərək deyiklisi, Kanadada yaşayan əmisi oğlunu gözləyir. Bu üç bacı və ailələri, onların itkiləri və sevgiləri ənənəvi ağa-nökər quruluşundan hazırkı mürəkkəb sistemə keçid eləyən və sürətlə dəyişən Omanın ictimai ziddiyyətləri fonunda nümayiş olunur. “Ayın qızları” öz dərin və şərqli atmosferi ilə oxucunu ovsunlayan unikal Oman panoramasıdır.
“Qafqazinfo” olaraq Coxa xanımla qonaq olduğu mehmanxananın görüş salonunda söhbətləşdik:
– Fyodor Dostoyevskinin “Karamazov qardaşları” əsərindəki qardaş obrazları bu əsərdə sanki bacılarla əvəzlənib. “Karamazov qardaşları”ndakı qardaşlar rus xalqını, ümumi, özül ailə isə Rusiyanı simvolizə edir. Bəs müəllifi olduğunuz əsərdəki bacılar, sizcə, Oman xalqını ifadə edə bilirmi?
– “Karamazov qardaşları” dünya ədəbiyyatının çox mühüm əsərlərindəndir, amma mən o romanı “Ayın qızları”nı yazandan sonra oxumuşam. “Ayın qızları” romanının annotasiyasında daha çox bacılardan danışılsa da, əslində, roman, sadəcə, bacıların taleyindən bəhs etmir, əsərdə çoxsaylı kişi obrazları da var. Fəqət mən deyə bilmərəm ki, bu obrazlar, yaxud bu ailə bütün Oman insanlarının kimliyini özündə təcəssüm etdirir. Hadisələrin hamısı Omanda baş verir və oradakı hadisələr, yaxud o ölkənin həyatındakı dəyişikliklər qəhrəmanların da taleyindən təsirsiz ötüşmür. Romanda böyük bacı olan Maya ənənəvi böyük bacı obrazını canlandırır, o heç bir adət-ənənəyə qarşı çıxmır, istəmədiyi adama ərə verilir, məqam düşəndə isə cəsarət nümayiş etdirmir. Amma Xaulə obrazı onun tam əksinə olaraq fərdi xarakterini, düşüncələrini ortaya qoyur, bir çox hallarda qayda-qanunlara tabe olmur. Bu baxımdan yanaşanda əsərdə obrazlar vasitəsilə Omanın surətini görmək olur. Bildiyiniz kimi, ənənəvi cəmiyyətlərdəki böyük qardaş, yaxud böyük bacı ailənin dolanışıq məsuliyyətini öz üzərinə götürdüyünə görə az halda xoşbəxt olur və öz həqiqi istəklərinə çata bilir. Digər bacı-qardaşlar isə bunun əksinə olaraq özlərini daha azad formada ifadə edirlər. Oman mühitində ailənin maddi və mənəvi yükünə, adətən, böyük qardaşlar çiyin verirlər. 1980-ci illərdə Omanda çoxlu sayda universitetlər açılanda böyük qardaşların çoxu təhsildən yayındı, amma evdəki digər bacı-qardaşlar isə təhsil aldılar. Təsəvvür edin ki, elə böyük qardaş oldu ki, öz ölkəsində təhsil ala bilmədi, amma onun özündən yaşca kiçik bacı-qardaşları dövlət proqramları ilə xarici ölkələrə elm dalınca getdilər. Yəni ailədəki çətinliklərin bədəlini böyük uşaqlar ödəməyə məhkumdurlar.
– Romanınızda əks etdirdiyiniz köləliklə mübarizə aparan ölkəniz birdən-birə zəngin, müasir bir neft ölkəsinə necə çevrildi və bu məsələlərdə sizin qəhrəmanlarınızın nə dərəcədə rolu oldu?
– Dünyanın müxtəlif ölkələrindəki inkişaf prosesinə nəzər salanda görürük ki, adətən, tərəqqi tədricən baş verir. Lakin Omanda belə olmadı, həm ictimai, həm siyasi, həm texnoloji tərəqqi birdən başladı. Zamanla Omanda həyat tərzi ənənəvi idi, sabit idi, amma neftin kəşfindən və bumundan sonra qəfil yüksək inkişafa qədəm qoyduq. Bu da, öz növbəsində, təhsildə ənənəvi metodla müasir meyillər arasında uçurum yaratdı. Bu cür müxtəliflik, mövcud uçurum insanları seçim qarşısında qoydu. Mən bir yazıçı kimi bu cür müxtəlifliyin mərkəzində olmuşam. Həm yeniliyi inkar edən, həm müasirliyə can atan, həm də onların hər ikisinin arasında qalanları görmüşəm. Mən bu əsərimlə bir yazıçı olaraq, sadəcə, bu cür vəziyyətləri anlamağa çalışmışam. Qətiyyən ortaya fərdi mövqe qoymamışam, yaxud kimlərisə mühakimə etməmişəm.
– Ailə qurmaq bu romanda həyatın ən vacib seçimi kimi dəyərləndirilir, biri qadın prinsipləri olmadan, biri şəxsi prinsiplərini pozaraq, digəri isə həyat prinsiplərinə sadiq qalaraq evlənir. Ailə qurmağı ən başlıca seçim kimi təqdim etməyiniz yaşadığınız coğrafiya, ümumən Şərq düşüncəsi ilə bağlıdır, yoxsa bütün bunlar sizin həyata şəxsi münasibətinizdən qaynaqlanır?
– Evlilik insanın həyatındakı mühüm keçid mərhələlərindən biridir. Doğuluş, ölüm və sair kimi. Mən bu əsərdə Omandakı keçid dövrünün ailə quran qəhrəmanların həyatına necə təsir göstərdiyini əks etdirməyə çalışmışam. Şərq mühitində belədir ki, qadın ailə qurandan sonra evə həbs olunur. Amma Omanda bunun tam əksi idi, ailə qurmamış qadın, adətən, evə həbs olunurdu. Mənə görə o dövrdə nikah şəhadətnaməsi qadının ailə mühitindən ictimai həyata keçidini təmin edən sənəd idi. Ona görə də bu əsərdəki əsas qəhrəmanlardan biri olan Əsma üçün ailə qurmaq ictimai həyata atılmaq üçün bir vasitəyə çevrilir. O dönəmdə bir çox qadınlar ailə təzyiqindən xilas olmaq üçün ailə qururdular. Oman tarixinin həmin dövründə ailə qurmaq çox ciddi seçim sayılırdı.
– Əsərdə göstərilir ki, insanlar daha çox sevgidənkənar münasibətlərdə xoşbəxt olur, ailə quranda isə yox. Biz bu məqamı bir neçə obrazın timsalında görürük. Oxşar hal Oman cəmiyyətində də geniş yayılıbmı?
– Yox, tam mənada demək olmaz ki, adət-ənənələrə söykənən evliliklərin hamısı uğursuzdur. Məsələn, əsərdə adı London olan qəhrəman sevib izdivac bağlasa da, sonda ayrılıqdan yaxa qurtara bilmir.
– Coxa xanım, sizi şəxsi həyatda tanıyan insanlar “Ayın qızların”dakı bacılardan hansına daha çox oxşadırlar?
– Təəssüf ki, oxucular bunu dəqiq təyin edə bilmirlər. Çünki romandakı hadisələrin cərəyan etdiyi vaxt mənim cəmi ikicə yaşım vardı. Çünki mən yeniyetmə olanda Omanda qadının təhsil alması artıq azad idi. Lakin buna baxmayaraq, əsərdəki Zərifə obrazını özümə çox yaxın hiss edirəm.
– “Kirkus Reviews”, “The New York Times”, “Publishers Weekly”, “The Guardian”, “Time”, “The Times Literary Supplement”, “The Washington Post”, “The Atlantic”, “The Oprah Magazine”, “Chicago Review of Books”, “Refinery29”, “The Millions”, “Literary Hub”, “Booklist”, “Electric Literature” kimi nüfuzlu mətbu mənbələrdə əsəriniz haqqında çoxsaylı təhlil mətnləri yazılıb. Amma, sizcə, roman haqqında daha nələr deyilməli idi, ancaq deyilməyib?
– Mən bu əsərdə hansısa bir mənanı gizlətməmişəm ki, kimsə onu tapa. Romanda nəyi demək istəmişəmsə, açıq şəkildə yazmışam. Roman haqqında isə dünya ölkələrində çox məqalələr, elmi mətnlər yazılır, sonra onların çoxunu mənə də göndərirlər. Əfsus, bəziləri elə dillərdə olur ki, heç oxuyub başa düşə bilmirəm. Əsər müxtəlif fikirlərə açıqdır, mən heç kəsə deyə bilmərəm ki, sənin fikrin səhvdir, yaxud başqasının mülahizəsi daha doğrudur. Hər oxucunun öz səviyyəsi var və o səviyyə onlarda romanı oxumadığı zamanlardan formalaşıb. Mən isə o səviyyələrə tam bələd deyiləm. Ona görə də hər kəsin düşüncə səviyyəsinə hörmətlə yanaşıram. Bəzi misallar çəkim, Qərbdə əsərdəki Tacir Süleyman obrazına tənqidi yanaşırlar, onun ailədəki avtoritar söz sahibliyini qəbul edə bilmirlər. Amma Şərq toplumlarında o qəhrəmana adət-ənənələrin qurbanı gözü ilə baxırlar, sanki o, dövrün onun çiyinlərinə yüklədiyi mənəvi məsuliyyətləri istər-istəməz daşımalıdır. Şərqdə çox zaman oxucular Süleyman obrazını öz babaları kimi qəbul edirlər.
– Romanın əsas tanındığı dil olan ingilis dilində əsərin adı nə üçün fərqlidir, “Ayın qızları”, yox “Göy cisimləri”dir?
– İngilis dilində əsərin adının başqa olması onunla bağlıdır ki, XIX əsr ingilis ədəbiyyatında “Ayın qadınları” ifadəsinin (“Ladies of the Moon”) çox başqa, o qədər də xoş olmayan mənası var. Və biz tərcüməçi və redaktorlarla bərabər düşündük ki, ingilis ədəbiyyatına yaxşı bələd olan insanlarda o ad tamam başqa, arzuolunmaz assosiasiya doğura bilərdi. Sonuncu əsərimin adı “Maralın ipəyidir”, orada üç qadından söhbət gedir. Biz bu adın başqa ölkələrdə anlaşılacağından nagüman olduğumuza görə əsərin adını “İpəyə bürünmüş marallar” kimi tərcümə etdik. Ad çox önəmlidir, mənim bəzi yazıçı rəfiqələrim əvvəlcə romana ad qoyur, sonra əsəri yazmağa başlayırlar (gülür).
– Əsərin obrazlar qalereyasının xaotikliyi, şəcərə genişliyi kitabı mütaliə edənlər arasında necə qarşılandı?
– Bu hal rus və latın ədəbiyyatında kifayət qədər geniş yayılıb. Ərəb oxucularında isə bu böyük nəslin taleyi ilə tanışlıq qətiyyən problem yaratmır, onlar artıq bu cür məqamlara başqa əsərlər vasitəsilə öyrəşiblər. Amma xarici oxucular əsəri oxuyarkən şəcərə haqqında, adların tələffüzündə çətinlik çəkdikləri barədə fikirlərini bildirirlər.
– Artıq Azərbaycanda sizin əsəriniz haqqında ilk tənqidi fikir də səsləndirilib. Fikri dilə gətirən adi oxucu olsaydı, üzərindən sükutla keçmək olardı, amma o düşüncələri qələmə gətirən dünya ədəbiyyatına bəs qədər aşina olan bir yazar olduğu üçün gərəkdir ki, həmin tənqidlərdən bixəbər qalmayasınız. Tanınmış azərbaycanlı gənc şair Qismət romanınız haqqında öz feysbuk hesabında belə bir fikir səsləndirib:
“Coxa Əl-Harsinin “Ayın qızları” romanını oxuyub bitirdim. Bəyənmədim, mənim əsərim deyil. Əvvəla, xanım Coxa çox açıq oriyentalist simvollarla yazır, özü də bunlar çox üzdədir, məsələn, Londondan qayıdan Əli adlı oğlana platonik aşiq olan Maya başqası ilə evlənir, missioner xəstəxanasında uşaq dünyaya gətirir (xəstəxananın adı da "Səadət"dir!), qızının adını London (!) qoyur. Bu cür semantik oyunları Lyosa təxminən belə yazır: adını Xulionun qadıncasında yazdım, yəni Culiya. İkincisi, elə bil asan tərcümə olunsun deyə romanın dilindəki bədiilik minimuma endirilib, əvəzində quruca etnoqrafik adət-ənənələr, məişət vərdişləri saxlanılıb. İndiki filmlərdə də olan tipik festival qəlibidir bu. Son illər "buker"çilərlə ulduzum barışmır nəsə”.
İstərdik ki, Qismət bəyin fikrini cavabsız qoymayasınız…
– Romandakı adların, demək olar, yüzdə doxsan doqquz faizi realdır. Mən romanı yazarkən onun ingilis dilinə tərcümə olunacağını düşünməmişəm. Ona görə əsərin Avropa düşüncəsinə uyğunlaşdırıldığı düşüncəsi doğru deyil. Bircə əsərdəki kəndin adı – “Əvafi” uydurma addır. Ona görə də semantik oyunlardan söhbət gedə bilməz, bu fikir əsassız və Omanla bağlı adlarla həqiqəti düzgün əks etdirməyən məqamdır. Cavabımdan da göründüyü kimi, əsərdə tənqid edən şəxsin vurğuladığı ad oyunları olmadığı üçün sualın oriyentalist simvollar kimi qələmə verilən hissəsi barədə də danışmağa ehtiyac qalmır.
– Azərbaycan nəşriyyatından əsərinizin tərcümə və çap olunması ilə bağlı təklifi alanda bu istəyi necə qarşıladınız?
– Çox sevindim. Çünki mən istəmirəm ki, əsərim yalnız Qərb ölkələrində oxunsun.
– Bir neçə gündür ki, ölkəmizdəsiniz, Azərbaycanla bağlı təəssüratlarınızı öyrənmək xoş olardı...
– Mən Azərbaycanda mədəniyyətə göstərilən diqqəti, öz ədiblərinə, eləcə də xarici yazıçılara verdikləri önəmi təqdir edirəm. Belə bir xalq yüksək hörmətə layiqdir.
Qeyd edək ki, Bakıda keçirilən sərgidən bir neçə gün öncə “Parlaq İmzalar” nəşriyyatı tərəfindən müəllifi dünyada tanıdan “Ayın qızları” romanı çap edilib.
Söhbətləşdilər: Fərid Hüseyn, Toğrul Musayev
Tərcümə etdilər: Aytəkin Qocayeva, Rəşad Həsənov
Ən çox oxunan bloqlar
“Ovod” nə deməkdir?
Son dövrlər Sovet dövründə tərcümə olunmuş bir sıra kult kitablar yenidən çevr...