Bosniyalı qızın ürəkparçalayan gerçək həyat hekayəsi

Türkiyə, Bolqarıstan, Rumıniya, Yunanıstan, keçmiş Yuqoslaviya və Albaniyadan təşəkkül tapmış həssas Balkan yarımadası son beş yüz ildə daim məntəqə dövlətlərinin çarpışma meydanı olmuşdur.
Bosniya-Herseqovina Konfederativ Respublikasının bir vaxtlar tərkibində olduğu keçmiş Yuqoslaviya Federal Sosialist Respublikası İkinci Dünya müharibəsindən sonra Marşal Titonun rəhbərliyi ilə rəsmi dövlət kimi tanınıb. Yuqoslaviyanın tərkibində altı dövlət olub: Bosniya-Herseqovina, Serbiya,  Xorvatiya, Monteneqro, Makedoniya və Sloveniya. General Tito millətçiliklə kəskin şəkildə mübarizə aparırdı. 1980-ci ildə onun hökuməti başa çatdıqdan sonra Yuqoslaviya xalqları arasında kommunist düşüncələr öz yerini milli düşüncələrə verdi və millətlərarası gərginliklər şiddətlənməyə başladı. 
Bosniyada üç əsas xalq yaşayır: müsəlman boşnaklar (44%), serblər (31%) və xorvatlar (17%). Ümumi şəkildə etnik qruplar nəzərdə tutulmadan Bosniya-Herseqovina xalqına bosniyalı deyilir. Ancaq İslam aləmində “bosniyalı” dedikdə, əsasən, müsəlmanlar nəzərdə tutulur. Ölkə daxilində də müsəlmanlara “bosniyalı”, xristian xorvatlara “herseqovinalı” deyilir.
Bosniya-Herseqovina 7 aprel 1992-ci ildə ABŞ və digər Qərb ölkələri tərəfindən müstəqil ölkə olaraq tanınıb və 22 may 1992-ci ildə onun BMT-yə üzvlük müraciəti qəbul edilib. 

* * *

Bosniyalı serblərin müstəqillik referendumunun nəticələrini boykot etməsi ilə Bosniyanın qara günləri başlandı. Bosniyalı serblər Bosniya Serb Respublikası yarandığını elan edərək silahlandılar. Bununla da 1992-ci ildə tarixin ən dəhşətli xalqlararası müharibəsi başlandı. Əslində isə, bu müharibə, əsasən, birtərəfli müharibə və soyqırım şəklində idi. Çünki tamamilə silahlanmış olan serblər qonşu Serbiya və Monteneqro tərəfindən dəstəklənirdilər. Hələ üstəlik keçmiş Yuqoslaviyanın milli ordusundan qalan hərbi təchizat, stansiya və zavodlar da onların ixtiyarında idi. Məzlum müsəlman boşnaklar isə ortada qalmış, heç bir müdafiə imkanına malik olmadan bütün dünyanın gözü önündə soyqırıma məruz qalmışdı...
Serblərin həyata keçirdiyi bosniya soyqırımı həqiqətdə bosniya müsəlmanlarını kütləvi şəkildə məhvetmə və etnik təmizləmə məqsədi daşıyırdı. Kommunizm düşüncəsini millətçiliklə əvəz edən serb lideri Slobadan Miloşoviçdən ilham alan serblər Bosniyanın şimalında alovlandırdıqları müharibə alovu ilə bosniyalı və xorvatları həmin ərazidən çıxararaq orada serb dövləti qurmaq, nəticədə Bosniyanı Serbiyaya birləşdirmək məqsədi güdürdülər.
Bosniya müharibəsində ən çox zərər görən qadınlar və uşaqlar olmuşdur. Bu soyqırımda çoxlu sayda uşaq öldürülmüşdür. Soyqırıma şahid olanlardan biri deyir: “Bir ananı gördüm ki, qorxudan bir küncə sıxılmış, ağlayan uşağının başını qıçlarının arasına salmışdı. Serb əsgəri ona yaxınlaşaraq dedi ki, bu uşağın səsini kəs. Görəndə ki, uşaq yenə ağlayır, anasının qucağındaca uşağın başını kəsdi və kəsik körpə başını bıçağın ucunda orada olanlara nümayiş etdirməyə başladı”. 
Bu müharibədə qadınlara məqsədyönlü şəkildə və xüsusi tapşırıqla, strateji hədəf olaraq saxlandıqları əsir düşərgələrində serblər və xorvatlar tərəfindən kütləvi şəkildə təcavüz olunub. Hətta müsəlmanlarla evlənmiş serb və xorvat qadınları belə bu cinsi təcavüzdən amanda qalmamışdır. Düşmənlər müsəlman ailələrinin ailə qanunlarını bildiklərinə görə qəsdən bu təcavüz əməlini həyata keçirmişlər. Onlar bilirdilər ki, bu cinayətlərlə müsəlman ailələrinə necə böyük zərbələr vururlar. Təcavüzə uğrayan qadınlar təcavüz edən əsgərlərin onlara dünyaya gətirəcəkləri övladları ilə onların nəslini dəyişmək məqsədləri olduğunu deyirmişlər. Deyirmişlər ki, onlar bu əməlləri ilə onları müsəlman olduqlarına görə cəzalandırırlar. Serb çetnikləri cinsi təcavüz nəticəsində dünyaya uşaq gətirən qadınları uşaqlarını saxlamağa vadar edirmişlər. CNN kanalının araşdırmasına görə bu təcavüzlərdən dünyaya gələn uşaqların sayı 5000 nəfərə çatır. Halbuki yüzlərlə, minlərlə qadın uşağını salıb. Bəziləri də dünyaya gətirdikləri uşaqlardan imtina ediblər. Çoxlu sayda qadınlar bu düşərgələrdə tələf olmuşdur. Bir çoxu da ailələri tərəfindən tərk olunmuş və ya öz yurdlarından didərgin düşmüşlər. Böyük sayda ailələr öz qeyri-qanuni övladlarını dövlətə vermişlər. Bu da bosniyalı ailələrin gələcəyi üçün çox ağır zərbədir.

* * *

1992-ci ilin aprel ayından 1995-ci ilin dekabrına kimi davam edən 1335 günlük Bosniya faciəsi Amerikanın Ohayo ştatında bağlanmış “Deyton” müqaviləsi ilə başa çatıb. Ancaq bu müqavilə də hardasa yenə də Bosniya serblərinin xeyrinə tamamlanıb. “Deyton” müqaviləsi bosniyalı serblərə ölkənin təxminən yarısına (49%) nəzarət etmək və Bosniya-Herseqovinada dövlətin milli siyasətlərinə veto qoymaq hüququ tanıdı ki, bu da Bosniyanın iqtisadi inkişafının qarşısının alınmasına, rüşvətxorluğa və yeyintilərə yol açılmasına səbəb olmuşdur. Həmçinin bu müqavilə müharibənin başlanma səbəbi olan ifrat millətçiliyin də qarşısını ala bilməmişdir. Belə demək olar ki, bosniyalılarla serblər arasında olan barışıq sadəcə zahiri barışıqdır.
Bosniyada baş verən soyqırım İkinci Dünya müharibəsindən sonra Avropada ən böyük soyqırım sayılır. Bu müharibədə 77.000-140.000, yaxud 200.000-400.000 arası mülki əhali öldürülmüşdür ki, onun 1600 nəfəri uşaqdır. Bu rəqəmlərin fərqlənməsi, çox güman ki, toplu şəkildə dəfnolunmalar və itkin düşənlərlə, yaxud hesablamanın fərqli qurumlar tərəfindən aparılması ilə əlaqəlidir. Ancaq bütün rəqəmlər insanı dəhşətə gətirməyə qadirdir.

* * *

Leyla” romanında Bosniya hadisələrində başı olmazın müsibətlər çəkmiş 16 yaşlı bir qızın kədərli və ürəkyandıran taleyindən söz açılır. Siz bu romanda Leylanın timsalında Bosniya qadın və uşaqlarının, qoca və cavanlarının başına açılan oyunlardan xəbər tutacaqsınız. Leyla valideynləri ilə birgə paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik və sakit bir şəhərdə yaşayır. Onun da digər yaşıdları kimi arzuları var. Leyla yeniyetməlik və gənclik duyğusunun təsiri ilə musiqi dinləyir, rəfiqələri ilə əylənir, məhəbbət romanları oxuyur, tez-tez paltarlarını dəyişərək güzgünün qabağında özünə baxmaqdan doymur; daim öz keçirdiyi hissləri mehriban anası ilə bölüşür. O, iqtisadiyyat üzrə təhsil almaq barədə düşünür. Ömrünün ən gözəl, ən maraqlı və ən təravətli çağında Leyla qəfil özünü müharibə alovunun içində görür. Hər şey çox sürətlə irəliləyir və o, gözünü əsir düşərgəsində açır. Beləcə, iki il davam edən əsirlikdə onun arzuları da neçə illər boyu alçaldılan və məhv olan şəxsiyyəti ilə birgə əriyib yoxa çıxır... Bosniya müharibəsi 1995-ci ildə sona çatır. Leyla müharibə illərində böyük bir dəhşət yaşayıb. O bu kitabda sizə öz acı həyat hekayəsini danışır. Onun canlı, amansızcasına açıq və səmimi hesabatı bu qızın necə də böyük həyat əzmində olmasının sübutudur. Bu kitab sizə müharibənin qaranlıq və ört-basdır edilən səhifələrindən danışan bir qadının faciəli taleyindən söz açır. “Leyla” romanı Qarabağ dərdlərini yaşamış bir xalq olaraq bizim üçün xüsusi əhəmiyyətə malikdir. Çünki ortaq dərdlərimizə işarə edir. Bu roman həm də romançılarımız üçün Qarabağ hadisələrinin bədii dillə ifadəsi üçün ilham qaynağı ola bilər. Bədii ədəbiyyatın gücü kimsəyə gizli deyil. Müəllif Aleksandra Kavelius mətbuat agentliyində könüllü praktika keçdikdən sonra gündəlik qəzetlərdən birində redaktor vəzifəsində işləmişdir. Uzun illərdir ki, o, sərbəst jurnalist kimi fəaliyyət göstərir. Bir neçə avtobioqrafik romanın müəllifidir.

Dilman ŞAHMƏRDANLI Yazıçı-tərcüməçi

 

Ən çox oxunan bloqlar

“Ovod” nə deməkdir?

Son dövrlər Sovet dövründə tərcümə olunmuş bir sıra kult kitablar yenidən çevr...

“Ona adət-ənənələrin qurbanı gözü ilə baxırlar”

Bu il 11-15 noyabr tarixlərində Mədəniyyət Nazirliyi tərəfindən IX Bakı Beynəlxa...

WhatsApp Icon
WhatsApp Icon
'