İmam Əli – İnsan ədalətinin səsi

0.0
(0)

I cild – İmam Əli və insan hüquqları

İmam Əli haqqında yüzlərlə kitab yazılıb. Minlərlə kitabda, yüz minlərlə məqalə və çıxışda İmam Əlidən sitatlar gətirilib. Yüz milyonlarla insan müxtəlif yollarla ona öz sevgisini bildirib. Ancaq xristian alimi Corc Cordaq yazdığı “İmam Əli – İnsan ədalətinin səsi” kitabı ilə bu böyük şəxsiyyəti tamamilə yeni bir üslubda təqdim edir.
Cordaq İmam Əlinin şəxsiyyətini tanıtdırarkən qarşımızda sağlam və nümunəvi bir şəxs canlanır. Müəllif İmamı müqəddəsləşdirmir, əksinə, onun hikmətli kəlamlarını təhlil edərək göstərir ki, istənilən bəşər övladı insanlığın bu uca zirvəsinə çata bilər. Kitabda İmam Əlinin daha çox rəhbərlik, xalqa əl tutmaq, onlara yol göstərmək kimi xüsusiyyətlərindən bəhs olunur. İmam buyurur: “Mənə müsəlmanların rəhbəri deyildiyi halda, necə ola bilər, onların çətin günlərinin həmdəmi və şəriki olmayım?!”
Əsərin “İmam Əli və insan hüquqları” adlı birinci cildində insanın əsl dəyərinin kamil insan güzgüsündə necə möhtəşəm şəkildə əks olunduğunu görəcəksiniz.

II cild – İmam Əli və insan hüquqları

Corc Cordaq İmam Əlinin nə qədər böyük bir şəxsiyyət olduğunu göstərmək üçün Böyük Fransa inqilabını heç də təsadüfi olaraq seçməyib. Bu inqilab Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biridir.
Cordaq inqilabı yaradan şəxsiyyətlərin proseslərdəki rolunu izah etmək üçün əvvəlcə insanlıq tarixinə ümumi bir ekskursiya edir, insanlığın nə qədər tənəzzülə uğradığını, tarixin qaranlıq səhifələrinin nə qədər ürəkağrıdan olduğunu, insani dəyərlərin necə məhv edildiyini, şəxslərin hətta minimum insan haqlarından necə məhrum olduğunu, ağlasığmaz işgəncələrə məruz qaldığını göstərir.
Müəllif Böyük Fransa inqilabı nəticəsində qəbul edilən İnsan hüquqları Bəyannaməsi və Ümumdünya İnsan hüquqları Bəyannaməsinin ehtiva etdiyi qanunlarla, çox-çox əvvəl yaşamış İmam Əlinin təqdim etdiyi qanunların müqayisəsini aparır. Cordaq bununla həm İmam Əlinin özündən əvvəl yaşamış insanların ucala bilmədiyi hansı zirvədə olduğunu, həm də özündən sonrakı tarixi neçə min illər qabaqladığını göstərməyə çalışır.

III cild – İmam Əli və Sokrat


Müsahibələrinin birində Corc Cordaqdan soruşurlar ki, nə üçün İmam Əlini Platon, Aristotel və digərləri ilə yox, məhz Sokratla müqayisə etdin. O da “Sokrat bütün bunların müəllimidir, İmam Əli isə özündən əvvəlki və sonrakı bütün filosofların öndəridir”, – deyə cavab verir.
Bu kitabda müəllif İmam Əli ilə Sokratın əsas həyat prinsiplərini qeyd etdikdən sonra onlar arasında müqayisə aparır, oxşar və fərqli cəhətlərini tədqiq edir. Uzun araşdırmadan sonra belə qənaətə gəlir ki, bu filosofların təlimlərindəki fəzilətlərin iki əsas və praktiki məqsədi var: fərdin və cəmiyyətin xoşbəxtliyinə nail olmaq, insan ruhunu həqiqəti tapmağa əsaslanan dəyişməz istiqamətə doğru yüksəltmək.
Livanlı professor “İmam Əli və Sokrat” adlı bu cilddə oxucunu əsl filosof və fəlsəfə ilə tanış edir, bu əzəmətli şəxslərin prizmasından fəlsəfənin əsl məqsədinin nə olduğunu açıqlamağa çalışır.

IV cild – İmam Əli və yaşadığı dövr

Corc Cordaq kitabın bu cildində İmam Əlinin yaşadığı dövrün insanlarının, həm Bəni-Üməyyə, həm də Əbutalib xanədanının və onların tərəfdarlarının əsas xüsusiyyətlərini təsvir edir. Cordaqın fikrincə, şəhvətpərəstlik, hakimiyyət hərisliyi və mənfəətpərəstlik Bəni-Üməyyə xanədanına xas idi. Məhz bu əhval-ruhiyyə onların tərəfdarlarına, habelə onlarla eyni mövqedə olan insanlara da sirayət etmişdi.
Müəllif həmçinin kitabda xalqın Osman ibn Əffan və onun tərəfdarlarına qarşı qaldırdığı qiyamın əsl səbəbləri haqda məlumat verir. Daha sonra İmam Əlinin necə xəlifə seçilməsi, xəlifə seçildikdən sonra daxildə baş verən Cəməl, Siffin və xəvariclə olan döyüşlərinin səbəbləri və nəticələrinə aydınlıq gətirir. 
Sonda Əlinin qətlinin səbəblərini, xəyanətin hansı təfəkkürdən qaynaqlandığını izah etməyə çalışır və kitabı İmam Əlinin hüznlü şəhadətinin təsviri ilə sona çatdırır.

V cild – İmam Əli və ərəb etnosu

Corc Cordaq “İmam Əli və ərəb etnosu” adlandırdığı bu cilddə milliyyət anlayışını daha fərqli və məqbul bir formada izah etməyə çalışıb. O yazır ki, milliyyət barədə müxtəlif nəzəriyyələr və fərziyyələr mövcuddur. Bu nəzəriyyələr əhatə dairəsi, əlamət və forma cəhətindən bir-birindən fərqlənsələr də, onların hamısının həqiqəti birdir: milliyyət insanlıqdan başqa bir şey deyil. Bu anlayış insanlıq faktoru olmadan heç bir məna kəsb etmir.
İmam Əli ərəblərin zəka və ağıl cəhətindən ən ali nümunəsidir. Əslində, onun bu baxımdan dünyada rəqibi yoxdur, zəkası məkan və zaman sərhədlərini aşıb əbədi olaraq ümumbəşəri səviyyəyə yüksəlib. Əbutalibin oğlu azadlıq anlayışının ən ali örnəyidir. Əliyə görə, insanlar danışdıqları və etdikləri işlərdə azad olmalıdırlar, am- ma bu azadlıq sosial azadlığa zərbə vurmamalıdır.
Müəllif əsər boyu Əlinin, özünü ayrı-ayrı situasiyalarda büruzə verən üstün cəhətlərini dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin qəbul etdiyi dəyərlər kontekstində təqdim etməyə çalışıb.

Ardını oxu
Kitabın adı İmam Əli – İnsan ədalətinin səsi
Orijinal adı الإمام علي صوت العدالة الإنسانیة
Müəllif Corc Cordaq
Tərcüməçi Famil Burxanoğlu (I, II, IV cildlər), Mail Yaqub (III cild), Rüstəm Lazımov (V cild)
ISBN 9789952525649
Dili Azərbaycan
Səhifə sayı 1664
Kitabın formatı 144x210 mm
Çap tarixi 2020
Nəşriyyat İrşad
Pineapple
Corc Cordaq

Əslən livanlı olan xristian alim Corc Cordaq 1931-ci ildə anadan olub. Ən məşhur əsəri İmam Əli haqqında yazdığı 5 cildlik "İmam Əli: İnsan ədalətinin səsi" kitabıdır. Yazıçı 2014-cü ildə dünyasını dəyişib.

İlk rəy yazan siz olun

Oxucu candır

WhatsApp Icon
WhatsApp Icon
'