Musa Sədr

موسى الصدر

/

Livanın “sülh və həmrəylik simvolu” – imam Musa Sədr 1928-ci ildə Qumda əslən livanlı olan bir ailədə dünyaya göz açır. Orta məktəbi Qumda bitirdikdən sonra burada rəsmi dini təhsilə başlayır. Bu illər ərzində Tehran Universitetinin hüquq fakültəsinə daxil olur və iqtisadi hüquq ixtisası üzrə – ümumiyyətlə, müasir elmlər sahəsində – universitet təhsili alan ilk ruhani olur. Daha sonra dini biliyini artırmaq məqsədilə təhsilini bir neçə il Nəcəfdə davam etdirir. 
O, Nəcəfdən ayrıldığı gün yaxın dostu, sirdaşı və doğma əmisi oğlu Məhəmmədbaqir Sədrlə vidalaşarkən ona Cəmaləddin Əfqaninin natamam qalmış missiyasını davam etdirmək niyyətində olmasından söz açır. 
1958-ci ildə Quma qayıtdıqdan sonra burada bir sıra həmkarı ilə birlikdə ilk mədrəsə jurnalı olan “İslam məktəbi” jurnalını təsis edirlər və Musa Sədr jurnalın baş redaktoru olur. Burada həmin dövrün dini kontingenti üçün yeni olan “İslam məktəbində iqtisadiyyat” başlıqlı məqalələrlə çıxış edir.
Bu illərdə Livan şiələrinin mənəvi lideri olan Seyid Əbdülhüseyn Şərəfuddinin dünyadan köçməsi oradakı bütün müsəlmanlar üçün böyük itkiyə çevrilir. Çünki o, bütün ömrünü sünni və şiə dünyası arasında körpü qurmağa sərf etmişdi. 
Bu hadisədən iki il sonra Seyid Şərəfuddinin övladları Musa Sədrdən Livana gəlib, bu boşluğu doldurmasını istəyirlər. Bu xəbəri eşidən ayətullah Burucerdi də ona məktub yazaraq təklifi qəbul etməsini tapşırır. Həmin vaxt o bütün dünya şiələrinin dini lideri hesab olunurdu. 
Nəhayət, 1959-cu ilin sonlarında Musa Sədr ata-baba yurdu olan Livanın Tir şəhərinə gəlir. 
Bu dövrdə Livan hələ də Fransa əsarətindən sonrakı yenidənqurma dövrünü yaşayırdı. Ölkədəki vəziyyət həm dini və mədəni, həm də iqtisadi və siyasi baxımdan ürəkaçan deyildi. 
O öz fəaliyyətinə Livanın müxtəlif etnik və dini qruplarını birlik və həmrəyliyə çağırmaqla başlayır. Bir çox müfti və keşişlə yaxın dostluq münasibəti qurur. 
Musa Sədr Nəcəf və Qum mədrəsələrində bir din xadimi olmaqdan əlavə, həm də bir filosof kimi yetişmişdi. Onun bir fəlsəfi şəxsiyyət kimi formalaşmasında Əllamə Təbatəbai, eləcə də Bakının Qala kəndindən olan Şeyx Sədrəddin Badkubeyi kimi müəllimlərinin əvəzsiz rolu olmuşdu. O, illərlə bu filosofların dərslərindən bəhrələnmişdi. Buna görə də daha çox bir mütəfəkkir kimi düşünür, bir islahatçı kimi davranırdı.

Müsəlmanların bütün sahələrdə geriliyi onu çox narahat edirdi. O da Əfqani kimi bu gerilikdən xilas olmağın yollarını axtarırdı:
“Müsəlmanların tənbəlliyinin səbəbi nədir? Nə üçün müsəlmanlar yalan kimi əxlaqi çirkinliklərə üz tutdular? Nə üçün imperialistlər bu qədər rahatlıqla islam camiəsinə nüfuz edə bildi və müsəlmanları aldadaraq onları istismar edə bildi?”
O öz narahatlığını belə dilə gətirir:
“Çox təəccüblüdür ki, islam elm öyrənməyə əmr edir, halbuki insanların ən savadsızı müsəlmanlardır. “Təmizlik imandandır” deyir, halbuki ən natəmiz küçə və bazar müsəlmanların küçə və bazarlarıdır”. 
Daha sonra deyir:
“Düzgün təbliğat əməllə uyğun gəlməsə, təbliğ edənin və ya onunla eyni dinə inananların ictimai vəziyyəti pis olsa, bu təbliğatın təsiri də az olacaq. Ümumiyyətlə, islamı dünya və axirət xoşbəxtliyinin təminatçısı hesab edən bir müsəlmanın iddiasının yanlışlığına ən böyük sübut bu olar ki, özləri başdan-ayağa yoxsulluq, savadsızlıq, xəstəlik və natəmizlik içərisindədirlər; ticarətçilərinin əxlaqı, gənclərinin hərəkəti, qadınlarının rəftarı, siyasətçilərinin davranışı – hamısı yanlış və əyridir. Bu özü bütün təbliğatçıların iddiasının etibarsızlığına bir sübutdur”.
O görür ki, dini və mədəni dirçəliş üçün təkcə məsciddə xütbə oxumaq kifayət deyil. Buna görə də Livanın bəzi təhsil ocaqlarında gənclərlə görüş və seminarlar keçirir. Görüşlər başlıca olaraq Tir və Beyrut şəhərlərində əsası Seyid Şərəfuddin tərəfindən qoyulan “əl-Cəfəriyyə” və “əl-Amiliyyə” məktəblərində baş tutur. 
İlk günlərdə gənclərin istehzalı qiyafəsinə və təhqiramiz gülüşlərinə dözməli olur. Bu, bir neçə ay belə davam edir. Lakin bir gün seminar salonundan çıxarkən gənclərdən biri ona yaxınlaşaraq deyir:
“Heç hiss etmisiniz gənclər nə üçün sizə maraq göstərir və hansı səbəbə görə belə yaxınlıq duyurlar?”
O özü bu məhəbbət və bağlılığın səbəbini belə izah edir:
“Çünki sizin toxunduğunuz mövzular və etdiyiniz təkliflər daxili ehtiyacları və psixoloji problemləri nəzərə alaraq deyilir. Daha doğrusu, siz bizim fiziki və mənəvi vəziyyətimizə realist yanaşırsınız. Bizim problemlərimizi təmkinlə, diqqətlə nəzərdən keçirir və imkan daxilində həll edirsiniz”. 
Bir qədər sonra isə Beyrutdakı əl-Amiliyyə məktəbi də “əl-Amiliyyə Kolleci”nə çevrilir.

Musa Sədr dini təfəkkürdə olan geriliyi həm də iqtisadi geriliklə əlaqələndirir və bu istiqamətdə çalışmağı öz dini vəzifəsi hesab edirdi. 1961-ci ildə Livanın “əl-Həyat” qəzetinə verdiyi müsahibədə o deyir:
“Mənim Livandakı dini missiyam ümumi mənada bütün xalqın yaşayış səviyyəsini yaxşılaşdırmaq, xüsusi mənada isə müsəlmanların dini təfəkkür səviyyəsini yüksəltməkdən ibarətdir. Mənim fikrimcə, camaatın yaşayış səviyyəsi hazırkı vəziyyətdə qaldıqca dini təfəkkür səviyyəsini yüksəltmək də baş tutmayacaq”. 
Bu məqsədlə Livanın Tir şəhərində bir çox müəssisələr təsis edir: Cəbəl-Amil Texniki Peşə Liseyi; gənc qızlara dərzilik və digər əl işləri öyrədilən Qızlar Pansionatı; Tibb Bacısı Kursu; Ambulatoriya Məntəqəsi; Xalçaçılıq Müəssisəsi; İslam Araşdırmaları İnstitutu və s.
Bütün bunlara isə əsası Seyid Şərəfuddin tərəfindən qoyulmuş Yardım və Xeyriyyə Cəmiyyətinin fəaliyyətini gücləndirməklə başlayır. Burada xeyirxah insanlardan toplanan vəsait hesabına müsəlman və xristian olmasından asılı olmayaraq, şəhərin bütün yoxsullarına yardım göstərilir.
Bu təşəbbüs imkanlı xristianların da rəğbətinə səbəb olur. Xristian bir iş adamı öz soyuducu fabrikinin 1/3 hissəsini cəmiyyətə vəqf edir. İki nəfər xristian həkim isə həmin cəmiyyətə üzv olan xəstələri təmannasız müalicə etməyi öz üzərinə götürür. 
Bir müddətdən sonra livanlılar onun barəsində: “Seyid Şərəfuddin gənc simada geri qayıdıb”, – deyirlər. 
Musa Sədrin kitab əhli olanların (yəhudi və xristianların) paklığına dair verdiyi fitva da müsəlman-xristian münasibətlərinin güclənməsinə təkan verir.
O, 1963-cü ildə Vatikanın rəsmi dəvəti ilə Roma Papası VII Pavelin tacqoyma mərasiminə dəvət olunan ilk və yeganə müsəlman din adamı idi. 
Bunun ardınca isə səfərini iki aya qədər davam etdirərək bəzi Avropa ölkələrində olur. 
Belə uzunmüddətli səfərlərdən biri də 1967-ci ildə Qərbi-Afrika ölkələrinə baş tutur. Beş aydan çox çəkən səfər zamanı o, bir çox ölkə rəhbərləri ilə görüş keçirir. 
Syerra-Leonenin ölkə başçısı Musa Sədrdən oradakı müsəlmanlarla görüşüb-görüşmədiyi barədə soruşanda o, cavabında deyir: 
“Mənim bu səfərdə məqsədim həm müsəlmanlarla, həm də xristianlarla münasibət qurmaqdır. Çünki bunların hamısı bir Tanrıya inanırlar və hamısı bizim qardaşlarımızdır. Xoşbəxtlikdən, mən də onların hamısı ilə görüşə bildim. Mənim missiyam insanları yeganə Yaradana tərəf çağıran hər bir kəsə münasibətdə bunu tələb edir”. 

Sonra isə belə əlavə edir: 
“Sabah da məni cümə məscidində cümə namazı qılmağa dəvət ediblər”. 
Bu sözlər xristian ölkə başçısının könlünü oxşayır və ertəsi gün onun da məscidə gəldiyini görürlər. O, müsəlmanlarla bir cərgədə namaz qılır və Musa Sədrin oxuduğu cümə xütbəsini dinləyir. 
Bu illərdə Livanda bütün etnik və dini qrupların rəsmi orqanı olduğu halda, şiə müsəlmanların hüquqlarını müdafiə edən heç bir qurum yox idi. Çox keçmir ki, Musa Sədrin təşəbbüsü ilə Livan Ali Şiə Şurası yaradılır və 1969-cu ildə o özü bu şuranın rəhbəri seçilir. Bu münasibətlə təşkil olunan tədbirdə Livanın mühüm elmi, siyasi və dini şəxsiyyətləri, o cümlədən Livan prezidenti Şarl Helu iştirak edir. 
Bu hadisədən sonra artıq Livan şiələrinin rəsmi lideri sayılan imam Musa Sədr Livanın müftisi şeyx Həsən Xalidə tarixi bir məktub yazaraq onu müsəlmanların həmrəyliyi istiqamətində iş görmək üçün birgə fəaliyyətə çağırır. Bu məktubda ilk dəfə olaraq dini bayramları, azanı və hətta digər dini ayinləri belə, bir etmək kimi mühüm işlərdən söhbət açılır.
O bu məsələni 1970-ci ildə Qahirədə keçirilən “İslam Araşdırmaları Akademiyası”nın illik konfransında da qeyd edir. 
1969-cu ildən Livanda Fələstin Azadlıq Təşkilatının rəhbər orqanları və Fələstin Müqavimət Hərəkatının (FMH) müxtəlif dəstələrinin yerləşdirilməsi İsrailin Livana basqını üçün bəhanə olur. 1975-ci ilin aprelində FMH ilə sağ xristian qüvvələr, sonra isə müsəlmanlarla xristianlar arasında baş verən vətəndaş müharibəsi ölkədə kəskin böhrana səbəb olur.
Musa Sədr ölkəni qardaş qırğınından qurtarmaq məqsədi ilə bütün cəhdləri sınadıqdan sonra iyunun 27-də Beyrutun əs-Səfa məscidində aclıq aksiyasına başladığını elan edir və tələblərinin həyata keçəcəyi müddətədək aksiyanın davam edəcəyini bildirir. 
O özünün yüksək siyasi və dini şəxsiyyəti sayəsində tez bir zamanda şiə, sünni və xristian olmasından asılı olmayaraq, milyonlarla insanın ürəyini fəth edə bilmişdi. 
Camal Əbdül Nasir kimi mühüm şəxsiyyətlər ona böyük hörmət bəsləyirdilər. Əbdül Nasirin dəvəti ilə Misirə səfər edərkən əl-Əzhər Universitetinin məscidində cümə namazına imamlıq etmək ona həvalə edilmişdi. 
Livan prezidenti Şarl Helu dəfələrlə o, maşına minərkən hörmət əlaməti olaraq onun üçün maşının qapısını açmışdı.
Buna görə də yüz minlərlə insan ona qoşulmaq üçün Beyruta axın edir. Bir çox xristian öz kilsələrində aclıq aksiyasına başlayır. Bəzi müsəlmanlar da kilsələrə gedərək aksiyada iştirak edir. Xalqın böyük əksəriyyəti – şiələr, sünnilər və xristianlar ona qoşulur. 
Nəhayət, aksiyanın dördüncü günü Livan hökuməti Musa Sədrin tələblərini həyata keçirmək istiqamətində lazımi tədbirlərə başlanıldığını bildirir. 
1978-ci ilin martında İsrail Livanın cənub rayonlarını işğal edir. Bu vaxt Musa Sədr bir sıra ərəb ölkələrinə səfər edir və bütün ərəb dövlət başçılarını münaqişənin həlli üçün bir yerə toplamağa çalışır. 
Bu məqsədlə o, 25 avqust 1978-ci ildə şeyx Məhəmməd Yaqub və jurnalist Abbas Bədrəddin adlı iki yoldaşı ilə birlikdə Liviyaya da rəsmi səfər edir. Lakin Liviya mətbuatı rəsmi qonağın gəlişi barədə heç bir məlumat yayımlamır. 
Musa Sədr və iki yoldaşı sonuncu dəfə avqustun 31-də Qəddafi ilə görüşə getmək üçün “əş-Şati” otelindən çıxıb, rəsmi maşına minərkən görülüb.
Onların heç kəslə təmas qurmaması Livandakı yaxınları və Livan Ali Şiə Şurası üzvlərinin narahatlığına səbəb olur. 
Liviya hökuməti tərəfindən verilən açıqlamada isə onların 31 avqust tarixində Liviya rəsmilərinə məlumat vermədən İtaliya Hava Yollarına məxsus bir təyyarə ilə ölkəni tərk edib Romaya getdikləri bildirilir. Lakin İtaliya təhlükəsizlik orqanlarının apardığı araşdırmalar nəticəsində məlumatın saxta olduğu üzə çıxır. 
O gündən bu günə kimi üzərindən otuz doqquz il keçməsinə baxmayaraq, Musa Sədr və yoldaşlarının öldükləri və ya şəhid edildiklərini göstərən heç bir fakta rast gəlinməyib. 2011-ci ildə Muəmmər Qəddafi devrildikdən sonra belə, hadisənin təfərrüatı və imam Musa Sədrlə yoldaşlarının aqibəti barədə hələ heç bir konkret açıqlama öz əksini tapmayıb.

Musa Sədr

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'