Aminə Sədr

آمنة الصدر

/

“Bintül-hüda” (hidayət qızı) kimi tanınan iraqlı yazıçı, siyasi və ictimai xadim Aminə əs-Sədr 1937-ci ildə Bağdadın Kazimiyyə məntəqəsində anadan olub. Atası Heydər əs-Sədr vəfat edəndə onun iki yaşı vardı. Atasının ölümündən sonra maddi çətinliklə üzləşən ailəsi 1945-ci ildə Nəcəf şəhərinə köçür. O, uşaq yaşlarından təhsilə və elmə maraq göstərir, bu şövqlə boya-başa çatır. Nəcəf şəhərində anasından oxumaq və yazmağı öyrənir. On bir yaşında qardaşları Seyid İsmayıl ilə Məhəmmədbaqir əs-Sədrdən təhsil almağa başlayır. Öz elmi mütaliələrini davam etdirən Aminə əs-Sədr görkəmli müsəlman publisist və ziyalı qadın kimi yetişir. Bu sahədə onu, xüsusən görkəmli filosof, iqtisadçı və siyasi ideoloq olan qardaşı Məhəmmədbaqir əs-Sədr (1935-1980) istiqamətləndirir.
Bintül-hüda şəxsiyyətinin ən bariz cəhətini, şübhəsiz, ədəbiyyat və maarifçilik təşkil edir. Fitri istedada malik olan Aminə on üç yaşından şeir yazmağa başlayır. İlk gənclik illərindən öz məqalələri ilə tanınır. O, iyirmi yaşına qədəm qoyanda artıq qadınla bağlı düşüncələrdə böyük dəyişikliklərə nail olmuşdu. Bu illərdə o, Nəcəfdə nəşr olunan əl-Adva (1959) jurnalına məqalələr yazır. Öz məqalələrində qərbpərəstliyə və feminizmə qarşı çıxır, İslamın qadına daha böyük status verdiyini vurğulayır. Elmi və qələmi ilə İraq qadınlarının maariflənməsi yolunda yeni bir fəaliyyətə yol açan Aminə əs-Sədr onların ideoloji liderinə çevrilir. Bağdad və Kazimiyendə qızlar üçün müxtəlif təhsil ocaqları təsis edir. Bu təhsil müəssisələrinin idarəçiliyində yer tutaraq müsəlman qızların savadlanmasında böyük rol oynayır. Məktəb, xəstəxana və xeyriyyə cəmiyyətlərinin açılmasına təşəbbüs göstərir. Onun maarifpərvər addımları qadınların intellektual səviyyəsinin inkişafına, cəmiyyətin qadına, qadınların da İslama baxışının dəyişməsinə səbəb olur. O öz ölkəsində İslamla bağlı təhriflərin aradan qaldırılmasında təsirli rol oynayır. O deyirdi: “Bu nəslin xidmətində olmağı və bir nəsli tərbiyə etməyi daha üstün tuturam”. Desək ki, ötən əsr İraq qadınının dirçəlişinin əsasında bu qadının fəaliyyətləri dayanır, bəlkə də, yanılmarıq.
Aminə əs-Sədr elmi-publisist fəaliyyətlə yanaşı, siyasi və sosial sahələrdə də aktiv idi. O öz ömrünü qardaşı Məhəmmədbaqir əs-Sədrin ömrünə calaq etmiş və öz həyatını qardaşının diktatorluqla mübarizə həyatının bir parçası hesab edirdi. O, qardaşı ilə birlikdə İraqın siyasi həyatında iştirak edərək Səddam Hüseyn (1937-2006) rejiminə qarşı mübarizə aparır. Məhəmmədbaqir əs-Sədr BƏƏS rejimi tərəfindən həbs edildikdən sonra bacısı Aminənin rejim əleyhinə başlatdığı mübarizə nəticəsində xalq ayağa qalxır və etiraz dalğasının güclənməsi nəticəsində rejim onu həbsdən azad edir. Lakin çox keçmir ki, bacı-qardaş öz şərəfli ömür yollarını da hər ikisi eyni gündə başa vururlar; 1980-ci ildə Aminə əs-Sədr qardaşı ilə birlikdə həbs edilir və 8-9 aprel tarixində Səddam Hüseyn tərəfindən güllələnərək faciəli şəkildə qətlə yetirilirlər.

Aminə Sədr

Kitabları

WhatsApp Icon
WhatsApp Icon
'