Əli Şəriəti

علی شريعتی

/

XX əsrdə iz qoymuş məşhur sosioloq, tarixçi, ədəbiyyatçı və İslam tədqiqatçısı, açıqfikirli müsəlman ziyalı, “Şəhid Müəllim” adlandırılan, əsərləri və şəxsiyyəti ilə bağlı bir çox müzakirələrə səbəb olmuş doktor Əli Şəriəti 1933-cü ildə Xorasan mahalının Səbzəvar bölgəsinə yaxın bir yerdə, Məzinan çölünün Kəhək kəndində dünyaya göz açmışdır.
Əli Şəriəti yeddi yaşında Məşhəd şəhərində orta məktəbə getmişdir. On altı yaşında orta məktəbi bitirən Əli pedaqoji məktəbə daxil olur, oranı bitirdikdən sonra bir neçə il orta məktəbdə müəllimlik edir, eyni zamanda 1956-cı ildə Məşhəddə yeni açılan Ədəbiyyat İnstitutuna daxil olur və oranı bitirir. O, institutda oxuyarkən Tələbələrin Ədəbi Məclisinə sədrlik edirdi. Təhsil aldığı illərdə Puran Şəriətrəzəvi adlı tələbə ilə tanış olur və bu tanışlıq 1959-cu ildə onların evlənməsi ilə nəticələnir.
Dərslərində öncüllük qazandığına görə 1960-cı ildə təhsilini davam etdirmək üçün dövlət hesabına Fransaya – öz seçimi əsasında Sarbonna Universitetinə göndərilir.
Əli Şəriəti Sarbonna Universitetində Tarix fakültəsinin “Ədəbiyyat və dinlər” ixtisası üzrə beş il oxuduqdan sonra doktorluq dərəcəsi alır. Şəriətinin sosiologiyaya böyük maraq göstərməsinə baxmayaraq, ona Fransada sosiologiya üzrə təhsil almağa icazə verilmir, o, İranda oxuduğu sahəni davam etdirməli idi.
Buna baxmayaraq, Şəriəti Parisdə elmi müəssisələrdə, tanınmış mütəxəssislərlə birlikdə sosioloji araşdırmalarla məşğul olurdu. O, Fransada Erix From, Herbert Markuze, Lui Massinyon, Jan-Pol Sartr, Anri Lever, Frants Fanon kimi görkəmli alimlər, ziyalılar və şərqşünaslarla tanış olur. O, Sartr, Massinyon və Fanonla həm də yaxın münasibət saxlayır, onlarla elmi əməkdaşlıq edirdi. Massinyona həzrət Fatimənin həyatı ilə bağlı apardığı araşdırmada kömək edirdi.
Şəriəti 1964-cü ildə təhsilini bitirərək ailəsi və uşaqları ilə birlikdə vətəninə qayıtdıqda, Parisdəki siyasi fəaliyyətlərinə və İran hökumətinə qarşı nəşr edilən bir mətbu orqan ilə əməkdaşlıq etməsinə görə Türkiyə-İran sərhəddindəcə həbs olunur və bir müddət həbsdə qalır.

Dok. Əli Şəriəti azadlığa çıxdıqdan sonra 1965-ci ili məcburi şəkildə Turuq kənd məktəbində və Məşhədin bəzi orta məktəblərində müəllimlik etməklə keçirir. Bundan sonra “Dərs Vəsaitlərinin Hazırlanması İdarəsi”ndə işə düzəlir və Tehrana dəvət olunur. Burada o, dini dərsliklərin hazırlanması işinə baxan mütəxəssislər dok. Bahünər və dok. Behişti ilə tanış olur və onlarla əməkdaşlıq edir. Həmin dövrdə o, professor Massinyonun yazdığı “Pak Salman” kitabını tərcümə edir.
1967-ci ildən Məşhəd İnstitutunda “Tarix” fakültəsində assistent işləyir. Onun orada tədris etdiyi əsas mövzular İslam tarixi və mədəniyyəti, qeyri-İslam tarixi və mədəniyyətləri olmuşdur. Elə başlanğıcdan həyata keçirdiyi tədris metodu, institutun ümumi qayda-qanunlarına münasibəti, tələbələrlə davranışı onu digər müəllimlərdən fərqləndirirdi. 
Əli Şəriəti 1970-ci ildə Tehranda yerləşən “İrşad” hüseyniyyəsinə  dəvət olunur.

“İrşad” hüseyniyyəsi 1970-ci ildə həcc karvanı təşkil edir. Bu səfərin digər məqsədi həcdə Avropada yaşayan tələbələrlə əlaqə yaratmaq idi. Şəriəti də karvana qoşulur. 1972-ci ilə kimi o, üç dəfə həmin karvanla həccə gedir. Onun həcc səfərindəki çıxışları ayrıca bir kitab şəklində çap olunub. O, üçüncü səfərindən qayıdanda Misirə də baş çəkir. “Bəli, belə idi qardaş!” kitabı həmin səfərin nəticəsində ərsəyə gəlir.
1971-72-ci illər Əli Şəriətinin gərgin işlədiyi illər olub. O, “İrşad” hüseyniyyəsini universitetə çevirmək istəyirdi. 1972-ci ildən gecə-gündüz özünü bu işlərə həsr edir. O, eyni zamanda Elm və Texnologiya Nazirliyində də işləyirdi. 
Yavaş-yavaş doktorun yeni təklifləri qəbul olunmağa başlandı. Onun dərslərində hər təbəqədən və hər fikirdən olan qız və oğlanlar iştirak edirdilər. Həmin vaxtlar onun məqalələrinə edilən tənqidlər, İslam tarixini yazarkən əhli-sünnə mənbələrindən bəhrələnməsi, qadınların dərslərdə iştirak etməsi, tələbə qızlar üçün dərs keçməsi kimi məsələlərə olunan etirazlar bir yandan, rejimin təhdidləri digər yandan Şəriətiyə çox əziyyət verirdi. Bu fikri məşğuliyyətlərinə onun peşəsi ilə bağlı sıxıntıları da əlavə olunurdu. Onun universitetdə müəllimliyinə xitam verilmişdi, o sadəcə Elm və Texnologiya Nazirliyində işləyirdi.
1972-73-cü illərdə “İrşad”ın fəaliyyəti zəifləmişdi. Doktor həmin vaxtlar incəsənət bölümünün aktiv olmasına çox həssas yanaşırdı. İncəsənət Universitetinin tələbələrini həvəsləndirirdi ki, Məşhəddə tamaşaya qoyulan “Əbuzər” tamaşası burada da tamaşaya qoyulsun. Nəhayət, “Əbuzər” tamaşası “İrşad”ın bağlanmasına bir-iki ay qalmış “İrşad”ın zirzəmisində tamaşaya qoyulur. 1973-cü ildə növbəti tamaşadan sonra “İrşad” bağlandı və Şəriəti həbs olunmaq təhlükəsi ilə üz-üzə qaldığına görə məcburən gizli həyat tərzi keçirməyə başladı. Bunu görən şah rejimi Şəriətinin atası Ustad Məhəmmədtəqini girov götürdü ki, oğlu özünü təslim etsin. Atasının həbs olunduğunu eşidən Şəriəti tez özünü təslim edir ki, atasını buraxsınlar. Ancaq rejim atasını da tezliklə azad etmir.

Əli Şəriəti 18 ay təkadamlıq kamerada saxlanılır. Bu müddət ərzində fiziki və ruhi əziyyətlər görür, ancaq təslim olmur. Nəhayət, 1976-cı ildə Əlcəzair dövlətinin rəhbərliyi OPEK toplantısında şahdan Şəriətinin azad olunmağını istəyir. Şah görür ki, Şəriəti həbsdə qalarsa, onun nüfuzu daha da arta bilər, ona görə də Şəriətini azad edir. Ancaq Şəriəti zahirdə azad idi, əslində isə, özü dediyi kimi, hökumət həbsxanasından ev həbsxanasına köçürülmüşdü, dəyişən zindanın forması idi. Daha o nə müəllimlik edə, nə mühazirə söyləyə və nə də əlinə qələm ala bilərdi. Həm də sui-qəsdlərdən qorunmaq üçün daim gizli həyat keçirir, yalnız gizli toplantılarda çıxış etməklə kifayətlənirdi. Ömrünü müəllimliyə, qələm çalmağa və mühazirə oxumağa həsr etmiş bir insan üçün bu, ölümdən də pis idi. O özü İrandan mühacirət etməzdən qabaq dostu filosof Məhəmmədrza Həkimiyə yazdığı vəsiyyətində bunu belə ifadə edir: “Hazırda bir insanın düşə biləcəyi ən pis vəziyyətdəyəm, məni ölüm və ya ölümdən də pis aqibət gözləyir... sürgün, sıxıntı, nəzarət, hiylə, qurğu, vaxt azlığı, məni hər an gözləyən faciəli bir şərait...”
Dok. Şəriəti ölkədən çıxa bilmək üçün “Əli Məzinani” adı altında yeni pasport alır, bir halda ki, rəsmi qeydiyyatda “Əli Şəriəti” adı ilə tanınırmış. O, Məşhədə atası ilə görüşə gedir, ancaq ona Avropaya gedəcəyi barədə məlumat vermir. 
Əli Şəriəti 1977-ci ildə öz vətənindən qərib şəkildə, qəlbi məşəqqət, əzab, ağrı, həyəcanla dolmuş vəziyyətdə çıxır. Əvvəlcə Brüsselə, orada iki gün qaldıqdan sonra İngiltərəyə, Sauthempton şəhərinə mühacirət etdi. Qurduğu plana əsasən, həyat yoldaşı və üç qızı da onun arxasınca getməli idi. Ancaq hökumət kiçik qızına və yoldaşı Puran xanıma ölkədən çıxış icazəsi vermədiyinə görə Şəriəti sadəcə iki qızı ilə görüşə bilir. 
Dok. Əli Şəriəti İngiltərəyə səfərindən üç həftə sonra, yəni 19 iyun 1977-ci ildə evində ölü tapıldı. Onun ölüm səbəbi dəqiq məlum olmadı. Rəsmi məlumatlarda onun ürək çatışmazlığından vəfat etdiyi söylənsə də, onda heç bir ürək xəstəliyi olmadığını nəzərə aldıqda, onun şah rejiminin əli ilə zəhərləndiyi çox ehtimal olunur.
Şəriətinin qürbət yerdə qətli bir çox ölkələrdə, əsasən də, İranda böyük heyrət və təəssüf doğurdu. Şəriətinin ömrünün püxtələşdiyi, çəkdiyi əziyyətlərin, gərgin araşdırmalarının səmərəsini gördüyü bir vaxtda bəziləri onun varlıq şamının şöləsinə dözə bilmədilər və məkrli hiylələrlə onu söndürdülər. 
Atasının tövsiyəsi və İmam Musa Sədrlə dok. Mustafa Çamranın səyləri nəticəsində Şəriətinin cənazəsi Suriyaya – Dəməşqə aparılır və orada həzrət Zeynəbin məqbərəsində torpağa tapşırılır. Musa Sədr ona cənazə namazı qılır.
Şəriətinin qırxı mərasimi Livanda da yüksək şəkildə qeyd olundu. Londondan, Suriyadan, həmçinin Fələstin Azadlıq Təşkilatından böyük dini və siyasi şəxsiyyətlər, o cümlədən Yasir Ərəfat bu mərasimdə iştirak etdilər. Yasir Ərəfat bu mərasimdə gözəl nitq söylədi. Bu mərasimdə Musa Sədrin çıxışı, doğrudan da, siyasi, dini və mədəni bir xartiya idi. Burada xaricdə yaşayanlardan çoxlu sayda insan, islam cəmiyyətləri üzvləri, həmçinin Nəcəf şəhərindən ruhanilər iştirak edirdilər. Həmin məclisin əks-sədası və müsbət təsirləri uzun müddət eşidilirdi.

Əli Şəriəti
WhatsApp Icon
WhatsApp Icon
'